Endrü Parsons MPK-nın yubileyi münasibətilə paralimpiyaçılara müraciət ünvanlayıb

İdman
  • 19 oktyabr, 2026
  • 15:00
Endrü Parsons MPK-nın yubileyi münasibətilə paralimpiyaçılara müraciət ünvanlayıb

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi münasibətilə Komitənin kollektivi və paralimpiyaçılara müraciət ünvanlayıb.

Bu barədə "Report"a MPK-dan məlumat verilib.

E.Parsons qurumun 30 illik yubileyi münasibətilə Beynəlxalq Paralimpiya Komitəsi adından təbriklərini çatdırıb:

"Otuz il əvvəl Azərbaycan Milli Paralimpiya Komitəsinin təməlini qoyduğu möhkəm əsaslar həm təşkilatın, həm də ölkədə əlilliyi olan şəxslərin cəmiyyət həyatında mühüm və davamlı yer tutmasına zəmin yaradıb. İnkişafa töhfə vermək, yeni imkanlar yaratmaq və inklüzivliyi təşviq etmək istiqamətində göstərdiyiniz ardıcıl səylər daha inklüziv cəmiyyətin formalaşmasına mühüm xidmət edir.

Paralimpiya Hərəkatının inkişafı və güclənməsi, ilk növbədə, onun üzvlərinin tərəqqisi və nailiyyətləri ilə bağlıdır. Bu baxımdan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əldə etdiyi nəticələr xüsusi qeyd olunmağa layiqdir".

O, indiyədək qazanılan uğurları yada salıb:

"Atlanta-1996 Yay Paralimpiya Oyunlarında cəmi iki idmançı ilə debüt edən Azərbaycan bugünədək 9 Paralimpiya Oyununda 68 medal qazanıb. Bu inkişaf ölkədə paraidmanın daha geniş tanınmasına, paralimpiyaçıların uğurlarının cəmiyyətdə daha çox görünməsinə və əlilliyi olan şəxslər üçün yeni imkanların yaranmasına mühüm töhfə verib. Medal göstəricilərindən əlavə, Uşaq Paralimpiya Hərəkatı və Uşaq Paralimpiya Oyunları kimi təşəbbüslər əlilliyi olan uşaqların idmana cəlb olunmasında mühüm rol oynayır. Bu layihələr uşaqların sağlamlığının möhkəmləndirilməsinə, reabilitasiya prosesinin dəstəklənməsinə, özünəinamının artırılmasına və onların gündəlik həyata daha fəal inteqrasiyasına müsbət təsir göstərir.

Kütləvi idman proqramlarına yatırımlar və idmançıların inkişafına xüsusi diqqət sayəsində Raman Salei kimi paraüzgüçülər və Lamiyə Vəliyeva kimi paraatletlər bütün ölkə üçün ilham mənbəyinə çevriliblər. Eyni zamanda, paracüdo üzrə ikiqat Paralimpiya çempionu, Azərbaycan cüdosunun inkişafında öncül rol oynamış və Milli Paralimpiya Komitəsinin vitse-prezidenti kimi fəaliyyət göstərən İlham Zəkiyevin nümunəsi onun yalnız liderlik keyfiyyətlərini deyil, həm də ölkənin Paralimpiya Hərəkatının cəmiyyətə göstərdiyi təsiri əks etdirir".

Endrü Parsons dəstəyin önəmli rol oynadığını vurğulayıb:

"Beynəlxalq Paralimpiya Komitəsi hesab edir ki, Paralimpiya Hərəkatının davamlı inkişafı hökumətlərin və qanunvericilərin dəstəyi olmadan mümkün deyil. Azərbaycan bu baxımdan mühüm nümunədir. Ölkədə Paralimpiya Hərəkatının inkişafı idman infrastrukturuna yatırılan dövlət investisiyaları və əlilliyi olan şəxslərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlmiş qanunvericilik tədbirləri ilə daha da gücləndirilir.

Paraidmanın dəyişdirici gücünü və "Dəyişiklik idmandan başlayır" prinsipini rəhbər tutan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi inklüzivliyin daha da genişləndirilməsinə və əlilliyi olan şəxslər üçün yeni imkanların yaradılmasına mühüm töhfə verir.

Bu əlamətdar yubiley münasibətilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin bütün əməkdaşlarını, rəhbərliyini, strateji tərəfdaşlarını və bu mühüm mərhələnin əldə olunmasına öz töhfəsini verən çoxsaylı dəstəkçilərini səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi qarşıdakı illərdə də Paralimpiya Hərəkatının inkişafına, inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslər üçün yeni imkanların yaradılmasına töhfə verərək öz davamlı və uzunmüddətli təsirini daha da gücləndirsin".

44 - Tezliklə