Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.
Bu ilin 14-15 yanvar tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşlərini ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndiriblər.
Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.