Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda əvvəlcə Özbəkistan Prezidenti çıxış etdi.
Prezident Şavkat Mirziyoyevin çıxışı
-Hörmətli İlham Heydər oğlu.
Bugünkü iclasımızın iştirakçıları.
Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin üzvlərini, qardaşlarımızı Özbəkistanda salamlayıram. Sizi bir daha salamlamağa şadam. Özbəkistana xoş gəlmisiniz.
Vurğulayım ki, Sizin indiki dövlət səfəriniz həqiqətən də tarixidir. Birincisi, bu gün məhdud tərkibdə görüşdə danışdığımız kimi, müttəfiqlik münasibətlərinə dair müqavilə imzalayacağıq. Ən əsası, bir neçə il ərzində Sizinlə birgə Özbəkistan-Azərbaycan münasibətlərini ən yüksək dövlətlərarası qarşılıqlı fəaliyyət səviyyəsinə qaldıra bildik. Bu, bizim real uğurumuzdur. Zənnimcə, bu gün xalqlar, insanlar eşidəcəklər ki, biz müttəfiqlik münasibətlərinə dair müqavilə imzalayacağıq. Bu, xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Başlıcası, biz ölkələrimizi yaxınlaşdırdıq, artıq dediyim kimi, xalqlarımız həqiqətən də bir-birinə qardaşcasına münasibət göstərirlər. Bizim hər görüşümüz xalqlarımızı yaxınlaşdırır və məmnuniyyətlə demək istəyirəm ki, bu gün Sizin sözün həqiqi mənasında Özbəkistana tarixi səfəriniz həyata keçirilir.
İkincisi, bu gün Ali Dövlətlərarası Şuranın birinci iclasını keçiririk. Dövlət başçılarının sədrliyi ilə bu Şuranı çoxplanlı əməkdaşlığımızın inkişafının konkret məzmunla zənginləşdirilməsini daha səmərəli mexanizm hesab edirəm. Çünki bizim hər görüşümüzdə konkret tapşırıqlar veririk və indi də bu, istisna olmadı. Biz məhdud tərkibdə görüşdə geniş müzakirə apardıq. Bu gün bu barədə geniş tərkibdə də danışacağıq və növbəti görüşümüzə qədər birgə qərarlar qəbul edəcəyik. Qeyd edim ki, müasir dünyada böyük nəticələr o zaman əldə olunur ki, siyasi iradə və qarşılıqlı dəstək olsun. Bizdə iki prezidentin siyasi iradəsi də, hər iki tərəfdən dəstək də var. Fikrimcə, komandalarımız artıq bunu görür və dərindən hiss edirlər.
Hörmətli İlham Heydər oğlu, əvvəlcə Sizi Azərbaycanda islahatların uğurla keçirilməsi münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Yaxın qonşular və qardaşlar olaraq, biz uğurlarınıza sevinirik. Ölkənizin necə dinamik inkişaf etdiyini görür və buna ürəkdən sevinirik. Siz iqtisadiyyatın şaxələndirilməsi strategiyasını həyata keçirə bildiniz, Azərbaycanda davamlı inkişaf yeni sahələrin və infrastrukturların hesabına təmin edilir. Bütün bunlar əhalinin rifah halının durmadan yüksəlməsinə gətirib çıxarır. Ölkənin beynəlxalq nüfuzu artır. Bu il Azərbaycan dünyanın ən böyük tədbirlərindən birinə - Qlobal İqlim Sammitinə ev sahibliyi edəcək. Belə bir sammit bizim geniş regionumuzda ilk dəfədir ki, keçirilir. Bu, heç vaxt olmayıb. Bu, Sizin xarici siyasət kursunun səmərəliliyinin etiraf olunmasını bir daha təsdiq edir. Sizə böyük uğurlar arzulayıram. Biz bu barədə danışdıq, həmişə Sizinlə birlikdə olacağıq, həmçinin biz də bu sammitə ciddi hazırlıq görürük.
Hörmətli İlham Heydər oğlu, nümayəndə heyətlərinin qarşısında ölkənizin ərazi bütövlüyünün bərpa olunmasında və Azərbaycanın əzəli torpaqlarının qaytarılmasında Sizin tarixi rolunuzu bir daha qeyd etmək istəyirəm. Siz öz atanızın və xalqınızın ən böyük arzusunu yerinə yetirdiniz. Bu gün Qarabağ gözlərimizin qarşısında dirçəlir, çiçəklənən diyara çevrilir. Mən özüm həm Füzulidə, həm də Şuşada bunları öz gözlərimlə gördüm və sevindim.
İrimiqyaslı sosial-infrastruktur və sənaye layihələri həyata keçirilir. Biz məhdud tərkibdə görüşdə ərazilərimizin inkişafı üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını ətraflı müzakirə etdik, ayrıca proqramın - yol xəritəsinin qəbul edilməsi, regionların üçüncü Forumunun keçirilməsi, həmçinin turistik komplekslərin paytaxtda yaradılması üzrə razılığa gəldik. Biz artıq bu barədə danışmışıq.
Hörmətli nümayəndə heyətlərinin üzvləri, son bir neçə il ərzində Özbəkistan-Azərbaycan əməkdaşlığı xeyli genişlənib. Parlamentlər, hökumətlər, nazirliklər və idarələr arasında sıx təmaslar var. Mütəmadi olaraq, Hökumətlərarası Komissiyanın iclasları, Biznes Şurası, forumlar, sərgilər və mədəniyyət tədbirləri keçirilir. Biznes dairələri arasında tərəfdaşlıq genişlənir.
Hörmətli İlham Heydər oğlunun bizim görüşümüzə Azərbaycanın biznes liderlərini dəvət etməsinə ürəkdən şadam, onlar sanballı iş adamlarıdır. Zənnimcə, tezliklə nəticələri görə biləcəyik. Ciddi nəticə əldə ediləcək. Əminəm ki, bu dialoq çox məhsuldar olacaq.
Ümumilikdə, ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə qiymət verərkən vurğulamaq istəyirəm ki, birgə səylərlə çox böyük işlər görülüb. Amma görüləsi daha çox iş var, çünki biz prezidentlər artıq bir-birimizi və iş adamlarını, şirkətləri, nazirlikləri və idarələri rəsmi hissədə olarkən dediyimiz kimi, əzbərdən bilirik. Bu da onu göstərir ki, tez-tez görüşdüyümüzə görə real nəticələr əldə olunur.
Növbəti ildə diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Biz bu yubileyə ciddi nəticələrlə gəlməliyik. Bununla bağlı əsas vəzifələr üzərində dayanacağam. Birincisi, intensiv siyasi təmaslar və bütün il ərzində gündəlikdəki məsələlər üzrə ahəngdar fəaliyyətin mübadiləsi üçün cədvəl hazırlamağı təklif edirəm. Bundan başqa, xarici işlər nazirliklərimiz qarşıdakı əlamətdar hadisə ilə əlaqədar tədbirlər proqramı hazırlayırlar. İkincisi, İlham Heydər oğlu, əgər Siz dəstəkləyirsinizsə, biz razılaşdıq ki, - mən artıq bunu məhdud tərkibdə görüşdə də dedim, - növbəti ili “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edək və məhdud tərkibdəki görüşdə üzərində dayandığımız 20 prioritet istiqaməti əhatə edən kompleks proqram qəbul edək. Qarşıda əmtəə dövriyyəsinin həcmini dəfələrlə artırmaq və sənaye kooperasiyasını yeni fazaya keçirmək, o cümlədən üçüncü ölkələrdə layihələri reallaşdırmaq vəzifələri durur. Biz bu barədə də çox ciddi danışdıq. Görüşümüz üçün 2 milyard dollardan artıq məbləğdə perspektivli layihələr portfeli hazırlanıb. Onların reallaşdırılmasını bu gün biznes nümayəndələri ilə ətraflı müzakirə edəcəyik.
Bundan başqa, Birgə İnvestisiya Fondu da səmərəli fəaliyyətə başladı. Siz də dediyiniz kimi, layihələr olarsa, biz hər iki tərəfdən Fondu genişləndirəcəyik. Çünki bu, biznes və real layihələrin həyata keçirilməsi üçün çox yaxşı dəstəkdir. Hesab edirəm ki, layihələrin dəstəklənməsinin bu aləti saat kimi işləməlidir. Çünki onlar işləyirlər, amma bu gün biz iş adamlarını da eşidəcəyik, onları bu məsələdə də dəstəkləyəcəyik. Üçüncüsü, nəqliyyat-kommunikasiya, energetika və digər infrastruktur layihələri vasitəsilə ölkələrimizin qarşılıqlı əlaqələrini gücləndirmək vacibdir. Artıq çoxtərəfli formatda fəal iş aparırıq. Bu əməkdaşlığı tam şəkildə dəstəkləyirəm. Aviareyslərin sayının artırılmasını, yerüstü, hava daşımalarının maksimum dərəcədə yüngülləşdirilməsini, rəqəmsal həllərin tətbiqini də vacib hesab edirəm. Biz artıq bu barədə məhdud tərkibdəki görüşdə danışmışıq.
Dördüncüsü, mədəniyyət və incəsənət, təhsil, səhiyyə, gənclər və informasiya siyasəti, idman sahələrində fəal mübadiləni davam etdirmək lazımdır. Bu sahələrə cavabdeh olan nazirlərimiz müntəzəm görüşlər keçirməlidirlər.
Bu gün incəsənət ustalarının, o cümlədən əfsanəvi mədəniyyət xadimləri Fərrux Zakirov və Polad Bülbüloğlunun iştirakı ilə birgə konsert olacaq. Bu yaxınlarda hörmətli İlham Heydər oğlu ilə onlara ölkələrimizin Xalq artistləri adı vermişik.
Bundan başqa, Özbəkistan və Azərbaycan universitetlərinin rektorlarının müntəzəm görüşləri mexanizmini yaratmağı təklif edirik.
Hörmətli İlham Heydər oğlu, Bakıdakı görüşlərimizin birində, həm də məhdud tərkibdə görüşdə demişdim ki, biz ikitərəfli münasibətlərimizin inkişafının mühüm informasiya-analitik kontekstindən, əməkdaşlığımızın yeni imkanlarının dərin təhlili və üzə çıxarılması potensialı ilə bağlı birgə layihələrdən danışmışıq. Bugünkü iclasımızda iqtisadi təhlil mərkəzlərindən birinin rəhbəri iştirak edir. Əgər Siz razılıq verərsinizsə, o, öz komandası ilə bayramlardan sonra, növbəti həftədə yəqin ki, - bizim Müstəqillik Günündən sonra birbaşa Azərbaycana yollanacaq. Etiraz etmirsinizsə, bayramlardan sonra birhəftəlik deyil, ongünlük gələcək, iyirmi sahə istisna olmaqla, bizim gələcəkdə inkişaf etdirəcəyimiz sahələrin yaxşı iqtisadi təhlilini aparacaq, həm də biz bununla başqa resursları və ehtiyatları üzə çıxara bilərik. O, öz komandası ilə birlikdə yaxın vaxtlarda azərbaycanlı tərəfdaşlarla bu tədqiqata hazırlıq məqsədilə Bakıda olacaq. Ümidvaram ki, bu, gələcək üçün yaxşı kömək olacaq.
Beləliklə, hörmətli İlham Heydər oğlu, bunlar mənim demək istədiklərimin hamısıdır. Biz məhdud tərkibdə görüşdə çox ətraflı danışdıq. Məmnuniyyətlə sözü Sizə verirəm.
Sonra Azərbaycan Prezidenti çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Əziz qardaşım, hörmətli Şavkat Miromonoviç, sağ olun. İlk növbədə, dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Qardaş Özbəkistana yenidən böyük məmnuniyyətlə səfər edirəm. Yeni görüşümüzə şadam.
Siz də qeyd etdiyiniz kimi, məhdud tərkibdə görüşdə münasibətlərimizin geniş gündəliyini artıq nəzərdən keçirdik, əməkdaşlığın yeni istiqamətlərini müəyyən etdik. Əlbəttə, bu gün geniş tərkibdə - Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı münasibətlərimizin mühüm məsələlərini müzakirə edəcəyik.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı sözlərinizə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm, həmçinin azad edilmiş ərazilərə bir neçə dəfə səfər etdiyiniz üçün Sizə xüsusi minnətdarlığımı ifadə edirəm. Əlbəttə, azad olunmuş ərazilərin bərpasında köməyə görə Füzuli şəhərinin sakinləri və Azərbaycanın bütün əhalisi adından xüsusi təşəkkürümü bildirirəm. Bu, xarici dövlətin infrastrukturun bərpası üzrə Azərbaycana ilk hədiyyəsi idi. Mirzə Uluqbəyin adını daşıyan məktəb düz bir il əvvəl açılıb. Elə bu gün, avqustun 23-də biz Sizinlə Füzulidə və Şuşada olduq. Orada artıq 500 şagird təhsil alır. Sakinlərin qayıdacağını nəzərə alsaq, onların sayı artacaq.
Ölkələrimiz arasında möhkəm münasibətlər artıq bütün sınaqlardan çıxıb və bu gün ən yüksək səviyyəyə çatıb. Siz də qeyd etdiyiniz kimi bu müttəfiqlik münasibətləridir və bundan yüksəyi yoxdur. Biz buna nisbətən qısa zaman ərzində nail olduq, məhz hər iki tərəfdən siyasi iradə nümayiş etdirdik, həmçinin ölkələrimizi və xalqlarımızı maksimum yaxınlaşdırdıq. Əminəm ki, həm Özbəkistanda, həm də Azərbaycanda ictimaiyyət bizim qazandığımız nailiyyətləri diqqətlə izləyir və bizimlə birlikdə sevinir.
Heydər Əlirza oğlu Əliyevin xatirəsinə göstərilən ehtirama görə təşəkkürümü bildirmək istərdim. İki il əvvəl Daşkəndə səfərim zamanı biz Sizinlə birlikdə onun adını daşıyan parkın və barelyefinin açılışını etdik. Dünən bu məkanı ziyarət edərkən qəlbimdə bir daha Sizə təşəkkür etdim.
Əlbəttə, Özbəkistanın inkişafı ilə bağlı heyranlıq sözlərimi ifadə etmək istəyirəm. Mən həm Xivəyə, həm Səmərqəndə səfər etdim. Uzun illər əvvəl Səmərqənddə olmuşam. Bu yaxınlarda etdiyim səfər bir daha ölkənin inkişafı sahəsində Sizin həyata keçirdiyiniz müdrik siyasətdən xəbər verir. Bu, şəhərin görkəminin necə dəyişməsində, paytaxtın və Özbəkistanın regionlarının simasının gözəlləşməsində özünü göstərir. Beynəlxalq icmanın mühüm üzvünə çevrilən Özbəkistan bu gün təkcə öz regionunda deyil, həm də dünya məkanında geniş nüfuz qazanıb. Əlbəttə, bütün bunların arxasında iqtisadi inkişaf durur. Siz ölkədə iqtisadi münasibətləri tamamilə yenidən qurmağı və bu sahəni, eyni zamanda, bütün digər sahələri modernləşdirməyi bacardınız.
Qardaş Özbəkistanın idmançılarının tarixi qələbəsi ilə bağlı xüsusi təbriklərimi çatdırıram. Biz onların qələbəsinə özümüzünkü kimi sevinirdik. Səkkiz qızıl medal, müsəlman ölkələri arasında birinci yer və bütün ölkələr üzrə 13-cü yer – bu tarixi nailiyyət Sizin idmanın inkişafına göstərdiyiniz böyük diqqətin təzahürüdür.
Bugünkü iclas çərçivəsində biz, əlbəttə, nümayəndə heyətlərimizin üzvlərini də dinləyəcəyik. Siz də qeyd etdiyiniz kimi, iqlim konfransının keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Təbii ki, Sizi səbirsizliklə gözləyirik və həmçinin ikitərəfli formatda işləyirik. Çünki konfransın keçirilməsi mühüm hadisədir. Amma növbəti ildə də böyük iş aparılacaq, biz mahiyyət etibarilə bu prosesə sədrlik edəcəyik. Əlbəttə, bizim regionumuzda da, Mərkəzi Asiya regionunda da iqlimlə bağlı çoxlu məsələlər var və ikitərəfli formatda fəal əməkdaşlıq etməyə hazırıq. Prinsipcə, bu əməkdaşlıq artıq başlayıb.
Beləliklə, dəvətə, diqqətə görə bir daha təşəkkür edirəm və fürsətdən istifadə edərək, Sizi növbəti ildə yenidən Azərbaycana dövlət səfərinə dəvət edirəm. Amma biz hələ noyabrda COP konfransında görüşəcəyik, lakin növbəti ildə Sizi dövlət səfəri ilə gözləyirik. Sağ olun.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası başlayıb.
Bu barədə “Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.