Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, Azərbaycanın baş prokuroru Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən K.Əliyev iki ölkə arasında güclü siyasi əlaqələrin mövcudluğunu qeyd edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror, Keniyanın iqlimlə bağlı səylərdə dünya təcrübəsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Keniya nümayəndə heyətinin cari ilin fevralında ölkəmizə ilk səfəri və prokurorluq orqanları arasında möhkəm əlaqələrin qurulduğuna nəzər salan K.Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən R.Mulele İnqonqa prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Görüşdə Azərbaycanın Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.