AQEM Katibliyinin 2026-cı il üçün büdcəsinə dair qərar qəbul olunub
- 18 dekabr, 2025
- 12:20
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin 2026-cı il üçün büdcəsinə dair qərar qəbul olunub.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, bu, AQEM Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin onlayn iclasında baş tutub.
İclaslarda AQEM-ə üzv dövlətlər Müşavirə və onun məşvərətçi orqanları çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini, etimad quruculuğu tədbirlərinə dair plan və müvafiq konsepsiyaları, eləcə də 2026-cı il üçün nəzərdə tutulan əlaqədar tədbirləri müzakirə ediblər.
Üzv dövlətlər həmçinin AQEM-in institusional inkişafı, o cümlədən 6-cı AQEM Sammitinin qərarına uyğun olaraq Müşavirənin beynəlxalq təşkilata çevrilməsi istiqamətində davam edən transformasiya prosesi barədə fikir mübadiləsi apararaq bu istiqamətdə Sədrliyin fəaliyyətinə dəstəklərini ifadə ediblər.
Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası zamanı Baş katib Azərbaycan sədrliyi dövründə 2025-ci il ərzində AQEM-in fəaliyyəti barədə illik hesabatı üzv dövlətlərə təqdim edib.
Komitədə AQEM-in Etimad Quruculuğu Tədbirlərinin İcra Planına və 2026-cı il üçün AQEM Katibliyinin büdcəsinə dair qərarlar, eləcə də digər prosedur qərarlar nəzərdən keçirilərək qəbul olunub.