Seçkilər azad, qanunauyğun və şəffaf şəkildə keçirilib.
"Report" xəbər verir ki, bu barədə Anqola parlamentinin nümayəndəsi Pedro De Morais Neto Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, seçkilər qanuna uyğun və səliqəli keçirildi, seçicilərin yüksək fəallığı müşahidə olunurdu: "Seçkiyə marağın bu qədər yüksək olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir. Bu da o deməkdir ki, Azərbaycanda iqtisadi və sosial stabillikdir. Bu da ölkə vətəndaşı üçün böyük şansdır və vətəndaşlar bunu yaxşı dəyərləndirirlər. Müşahidə apardığımız 15 seçki məntəqəsində daha çox 18 yaşdan yuxarı insanların səs verdiyinin şahidi olduq. Onlar arasında qadın seçicilər üstünlük təşkil edirdi".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.