Ankarada Mustafa Kamal Atatürk və Heydər Əliyevin xatirələrinə həsr edilən tədbir keçirilib
- 19 aprel, 2023
- 13:14
Bu gün Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) təşkilatçılığı ilə Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirələrinə həsr edilən tədbir keçirilib.
“Report”un Ankara bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri, Qazi Universitetinin rektoru Musa Yıldız, Bilkent Universitetinin rektoru Abdurrahman Kürşat Aydoğan, Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran, Mərmərə Qrupu Vəqfinin başçısı Akkan Suver, Orta Asiya Türk respublikalarının Türkiyədəki diplomatları, eləcə də Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Ramil Həsən iştirak edib
Tədbirdə Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürkün və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin qurulduğu 1923-cü ildə Heydər Əliyevin anadan olması xoş bir təsadüfdür. Qüdrətli Türkiyəni möhkəm təməllər üzərində quran Atatürkün fəaliyyətləri, Türk dövlətlərinə və xüsusən Azərbaycana olan diqqəti vurğulamaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki rolu və Türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs edilib.