Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyi və Aİ ölkələrinin səfirliklərinin təşkilatçılığı ilə paytaxtda "Bizi birləşdirən su" adlı fotosərginin açılışı olub.
“Report” xəbər verir ki, sərgi “FantazEU-2024” festivalı çərçivəsində keçirilir.
Sərginin mövzusu Azərbaycanın qarşıdan gələn COP29 konfransına sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərdən biri ilə bağlıdır.
Tədbirin açılışında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Aİ ölkələrinin səfirliklərinin nümayəndələri və digər rəsmilər iştirak ediblər.
"Bu fotosərgi bu il artıq beşinci dəfə keçirilən “FantazEU” festivalının açılış tədbiridir. “FantazEU”nun məqsədi Avropa İttifaqına üzv dövlətləri və Azərbaycanı birləşdirməkdir", - P.Mixalko bildirib.
Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirlikləri təbiətdə suyun füsunkarlığını, həmçinin Avropa şəhərlərini bəzəyən heyrətamiz fəvvarələri əks etdirən fotoşəkillər təqdim edib.
"Bizi birləşdirən su" sərgisi noyabrın 10-dək ziyarətçilər üçün açıqdır.