"Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə bayrağımızın qaldırılması azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, qürurlu andır".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, “Heydər Əliyev İli” Azərbaycan tarixində, xalqımızın yaddaşında möhtəşəm qələbələr, tarixi anlar və təkrarolunmaz hadisələrlə yaddaşlarda qalmaqdadır: "Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz hər birimizə canı qədər doğma olan bayrağımızın Xankəndidə qaldırılması ilə bitdi. Bu, hər bir azərbaycanlının müasir tariximizdə qüdrətli dövlətin vətəndaşları olduğunun bariz göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurlara görə Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladları, qüdrətli Ordumuzun əsgərləri, qəhrəman igidlərimizə borcluyuq. Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında bayrağımızı qaldırdıqdan sonra doğma xalqımıza müraciəti, “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri 20 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu".
Deputat bildirib ki, Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərləri və nəhayət, Xankəndidə bayrağımızın qaldırılması bu torpaqlarda bundan sonra Azərbaycan Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin ölkəmizin ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin tətbiqinə şərait yaradacaq, habelə Cənubi Qafqazda beynəlxalq hüquq və prinsiplərə əsaslanan ədalətli sülh müqaviləsinin imzalanmasına təkan verəcək: "Bu, doğrudan da Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır. Həmin anları bizə yaşadan bir digər məqam isə, əlbəttə ki, bu hadisələrin 15 oktyabr tarixində baş verməsidir. Məhz 15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu".
M.Əfəndiyev qeyd edib ki, keçdiyimiz keşməkeşli yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrilib: "Prezident keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanıb, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer edib. Beləliklə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurub, İlham Əliyev isə onu güclü bir dövlətə çevirib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qürurlu və güclü xalqımız bu birliyi, əldə etdiyimiz qələbələri, müstəqilliyimizi əbədi etmək üçün bundan sonra da yeni zirvələr qət etməli və yenilməz Azərbaycan sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını davamlı etməklə daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirəcək".