26 sentyabr 2024-cü il tarixində ADA Universitetində NATO Sülh və Təhlükəsizlik naminə Elm proqramı (Science for Peace and Security-SPS) barədə “Məlumatlandırma günü” baş tutub.
“Report” xəbər verir ki, tədbir Azərbaycanın Xarici İşlər Nazirliyi və NATO-nun İnnovasiya, Hibrid və Kiber məsələlər üzrə bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber məsələlər üzrə müavininin köməkçisi Ceyms Appaturay virtual qaydada, o cümlədən NATO SPS proqramının əməkdaşları, ölkəmizdən isə NATO ilə əməkdaşlıq üzrə aidiyyəti dövlət qurumları, həmçinin Elm və Təhsil Nazirliyinin nəzdində əlaqədar institutların nümayəndələri iştirak ediblər.
Tədbir zamanı SPS proqramı, onun prioritetləri, həmçinin Azərbaycan və NATO arasında praktiki əməkdaşlığa dair həyata keçirilmiş və cari layihələrlə bağlı geniş təqdimatlar nümayiş etdirilib, həmçinin meydana gələn təhlükəsizlik problemlərinin həllində elmin və texnologiyanın rolu barədə müzakirələr aparılıb.