ABŞ-ın Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Mayami-Deyd dairəsinin Komissarlar Şurasının sədri III Oliver G. Gilbert Bəyannamə imzalayıb.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhər əhalisinin qətliama məruz qalması nəticəsində aralarında çoxlu uşağın, qadının və ahılın olduğu 600-dən çox dinc və günahsız mülki şəxs qətlə yetirilib. Nəzərə çatdırılıb ki, insan haqları üzrə məşhur beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni bölgənin ən böyük qırğını adlandırıb.
Bəyannamə müəllifləri Mayami-Deyd dairəsi adından fevralın 26-nı Xocalının Anım Günü elan ediblər və xeyirxah insanları Xocalı soyqırımının 32-ci ildönümünü yad etmək üçün yerli hakimiyyət nümayəndələrinə qoşulmağa çağırıblar.
Qeyd edək ki, sənəd ABŞ-ın Florida ştatının Mayami şəhərində 2006-cı ildən bəri fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim olunub.