Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən ildə Yaponiyanı rekord sayda əcnəbi turist ziyarət edib. Bu sahədə 2014-cü ilin rekordu yenilənib.
Milli valyuta yenin məzənnəsinin aşağı olması, Çin vətəndaşları üçün viza qaydalarının asanlaşdırılması bu rəqəmin artmasında əsas səbəblərdən biri kimi göstərilir.
Yaponiya Milli Turizm Agentliyinin məlumatına görə, ötən il bu Gündoğar ölkəyə 19 milyon 730 min əcənəbi səfər edib. Bu 2014-cü ilin həmin göstəricisini 47 faiz üstələyir.
Əcnəbilər arasında sayına görə birinci yeri çinli turistlər tutur. 2015-ci ildə Yaponiyaya bu ölkədən 5 milyon turist gəlib ki, bu da əvvəlki ilin göstəricisindən iki dəfə çoxdur.
İkinci yeri 4 milyon turist və 45 faizlik artımla Koreya Respublikası, üçüncü yeri isə 3,6 milyon nəfər və 30 faiz artım göstəriciləri ilə Tayvan tutur.
ABŞ-dan gələn turistlərin sayı 16 faiz artımla ilk dəfə bir milyondan çox olub.
Milli Turizm Agentliyinin əməkdaşları bildirirlər ki, hökumətin 2020-ci ildə əcnəbi turistlərin sayını 20 milyona çatdırmaq barədə planı artıq cari ildə həyata keçiriləcək.
Maraqlı olan digər rəqəm isə əcnəbi turistlərin Yaponiyada ötən il 29 milyard 700 milyon dollar xərcləməsi barədədir. Bu göstərici də 2014-cü ildə qeydə alınmış rekord göstəricini təzələyib. Bu o deməkdir ki, ölkəyə gələn hər bir turist təqribən 1,5 min dollar xərcləyib ki, bu da öz növbəsində rekord göstəricidir.
Bunun səbəbi kimi bir tərəfdən əcnəbi turistlərin sayının artımı göstərilirsə, digər tərəfdən vergidən azad mağazaların sayının çoxalması qeyd edilir.