Azərbaycan və Türkiyə ekoturizm sahəsində əməkdaşlıq edə bilər.
Bunu "Report"a açıqlamasında bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Ankara Universitetinin professoru Mehmet Sonuncu bildirib.
"Türkiyə turizmin inkişafına görə dünyanın ilk 10 ölkəsindən biridir, bu sahədən ildə 30 milyard ABŞ dollarından çox gəlir əldə edir. Ölkədə hazırda ekoturizm başda olmaqla turizmin bir çox yeni istiqamətləri inkişaf edir. Türkiyə turizmin bu istiqamətində qardaş ölkə - Azərbaycanla əməkdaşlıq edə bilər", - o qeyd edib.
Bundan başqa, türkiyəli professor deyib ki, son illərdə ölkəsində bir çox milli parklar ekoturizmi inkişaf etdirir: "Beləliklə yeni ekoturizm istiqamətləri formalaşdırılıb. Türkiyə ilə həm mədəni, həm iqtisadi sahələrdə sıx əlaqələri olan Azərbaycan ilə bu sahədə münasibətlərin inkişafı mümkündür. İki ölkə turizm sahəsində karbon neytrallığına nail olmaq üçün birgə layihələr də həyata keçirə bilər".