"Audi"nin Çindəki zavodu konsernə milyardlarla zərər vurur

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 22:37
Audinin Çindəki zavodu konsernə milyardlarla zərər vurur

Çinin Çançun şəhərində yerləşən və tikintisinə 2,5 milyard avrodan çox vəsait xərclənən "Audi" avtomobil zavodu ciddi maliyyə problemləri ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə "Handelsblatt" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müəssisə hazırda ayda cəmi 2-3 gün fəaliyyət göstərir. Onun layihə gücü hər il 150 min "Q6 Etron" və "A6 Etron" avtomobilinin istehsalı üçün nəzərdə tutulub, lakin real tələbat proqnozlardan xeyli aşağı olub. 2026-cı ildə zavodun cəmi 10 minə yaxın maşın - nəzərdə tutulmuş həcmin 10 %-dən azını istehsal edəcəyi gözlənilir.

Qəzet qeyd edib ki, "Audi"də artıq "kabus zavod" adlandırılan müəssisədə 2026-cı il üçün zərər 500 milyon avroya çata bilər. İstehsala başlanandan bəri ümumi itkilər bir neçə milyard avro həcmində qiymətləndirilir.