“SSRİ dövründə Qarabağ istirahət və müalicə turizmi baxımından ittifaq məkanında seçilən yerlərdən biri olub”.
Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.
O, işğaldan əvvəl Qarabağa səfər edən turistlərin sayını da açıqlayıb: “Aydındır ki, 1987-ci ildə SSRİ-nin müxtəlif bölgələri ilə müqayisədə bölgənin turizm potensialı açıq aydın seçilirdi. Həmin il təkcə bu regiona 250 min turistin gəldiyi qeydə alınıb. Onların da 50 mindən artığını xarici turist təşkil edib. Lakin işğal vaxtı bölgənin turizm infrastrukturu dağıdıldı və bölgənin əlavə dəyər yarada biləcək bir sahəsi artıq Azərbaycan iqtisadiyyatında yox oldu. Ümumilikdə bölgə ilə bağlı işğalçı siyasətin nəticəsində ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə ziyan dəyib. Təkcə onu qeyd edim ki, 1988-ci ildə bölgədə 891 çarpayıya malik 16 mehmanxana fəaliyyət göstərirdi. Amma müharibə dövründə yaxud müharibə nəticəsində bu infrastrukturun əhəmiyyətli hissəsi artıq dağılmışdı və yaxud ona əhəmiyyətli şəkildə ziyan dəyib”.