Bakı. 5 mart. REPORT.AZ/ Bu il Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə az olacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, qonşu ölkədə milli valyutanın dəyərdən düşməsi iranlıların maddi vəziyyətinə mənfi təsir edib. Üstəlik martın 20-dən İran hökuməti xaricə səyahətə gedənlərə tətbiq etdiyi vergini artıracaq. Belə ki, başqa ölkəyə hava nəqliyyatı ilə səfər edənlər 15 dollar deyil, 45 dollar, quru nəqliyyatı ilə səfər edənlər isə 7 dollar deyil, 15-20 dollar ödəməli olacaqlar. Bu da Azərbaycana gələn turislərin sayına mənfi təsir edəcək.
Bununla belə, N.Bağırovun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC bayram ərəfəsində İranın 2 şəhərinə - Təbrizə və Urmiyaya aviareyslər açacaq və qonşu ölkədən turist axını stimullaşdırılacaq. Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways” şirkətinin Abu-Dabidən Bakıya həyata keçirəcəyi uçuşlar hesabına isə ərəb turistlərin Azərbaycana gəlməsi təmin olunacaq.