AzTA-nın üzvləri üçün Şirvan Milli Parkının ərazisinə infotur təşkil olunub

Turizm
  • 17 avqust, 2018
  • 11:21
AzTA-nın üzvləri üçün Şirvan Milli Parkının ərazisinə infotur təşkil olunub

Bakı. 17 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) üzvləri üçün Şirvan Milli Parkının ərazisinə infotur təşkil olunub.

Bu barədə "Report"a Assosiasiyadan bildirilir. 

Məlumatda deyilir ki, bu, iki qurumun ilk birgə layihəsidir və gələcəkdə də bu cür layihələr olacaq. 

Milli Park ərazisində infotur iştirakçıları milli flora və fauna, o cümlədən nadir bitki və heyvanların saxlanılması şəraiti ilə tanış olublar. Bununla yanaşı,  ölkəyə gələn xarici turistlər, eləcə də yerli turistlər üçün maraqlı ola bilən məlumatlar əldə ediblər. Turizm şirkətlərinin nümayəndələri Şirvan Milli Parkının yerli turizm marşrutlarına daxil edilməsi barədə qərara gəliblər. Bununla da AzTA və Nazirlik ekoloji turizmin inkişafı və təbliği sahəsində birgə layihəni reallaşdırmağa başlayıblar.

Xatırladaq ki, AZTA və Nazirlik arasında əməkdaşlıq haqqında razılıq iki qurumun rəhbəri - sədr Nahid Bağırov və nazir Muxtar Babayev arasında may ayında keçirilmiş görüş zamanı əldə olunub. Görüşün əsas məqsədi Azərbaycanın turizm sənayesinin, o cümlədən ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələrinin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi olub.