Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib

Turizm
  • 14 yanvar, 2026
  • 15:04
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib

Azərbaycan "Henley & Partners" şirkətinin 2026-cı il üçün yenilənmiş pasport reytinqində 3 mövqe irəliləyərək 67-ci pilləyə yüksəlib.

"Report" "Henley & Partners"ə istinadən xəbər verir ki, respublika vətəndaşları 70 ölkəyə vizasız səfər edə bilərlər.

Qeyd edək ki, Sinqapur ən güclü pasportlara malik ölkələr arasında liderliyini yenidən qoruyub saxlayıb. Bu ölkənin vətəndaşları təhlil edilmiş 227 ölkədən 192-nə vizasız və ya ölkəyə gəldikdən sonra viza almaqla səfər edə bilərlər.

İraq (29 ölkə), Suriya (26 ölkə) və Əfqanıstan (24 ölkə) reytinqin son pilləsində qərarlaşıb.

Postsovet ölkələri arasında Azərbaycan 7-ci yerdədir və Ukrayna (30-cu yer, 143 ölkə), Gürcüstan (42-ci yer, 122 ölkə), Moldova (44-cü yer, 120 ölkə), Rusiya (46-cı yer, 113 ölkə), Belarus (60-cı yer, 79 ölkə) və Qazaxıstandan (61-ci yer, 78 ölkə) sonra gəlir.

Bundan başqa, Azərbaycan Ermənistan (71-ci yer, 66 ölkə), Qırğızıstan və Özbəkistan (75-ci yer, 61 ölkə), Tacikistan (81-ci yer, 54 ölkə) və Türkmənistandan (87-ci yer, 47 ölkə) irəlidədir.

Son xəbərlər

Bütün Xəbər Lenti