Ukraynalı uşaqların Basqala səfəri təşkil edilib

Ukraynalı uşaqların Basqala səfəri təşkil edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların İsmayıllı rayonuna səfəri təşkil ed
Sosial müdafiə
7 Avqust , 2023 14:00
Ukraynalı uşaqların Basqala səfəri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların İsmayıllı rayonuna səfəri təşkil edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, iştirakçılar səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsi ilə tanış olublar.

Belə ki, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları ukraynalı uşaqları XVII əsrə aid Basqal hamam muzeyi, 300 ildən çox yaşı olan tarixi Pir çinarı, XVII əsrə aid Şeyx Məhəmməd məscidi və İtaliya qəhrəmanı, partizan Məmməd Bağırovun tarixi evi, eyni zamanda Basqalın məşhur bulaqları ilə tanış ediblər.

Ukraynalı qonaqlar Basqalın tarixi yerləri ilə tanışlığa, eyni zamanda Azərbaycanda olduqlarına və sakinlərin qonaqpərvərliyinə görə çox məmnun olduqlarını dilə gətiriblər. Tarixi irsimizlə tanışlığın davamı olaraq ukraynalı uşaqların Qəbələ, Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur.

Eləcə də uşaqlara art terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçiriləcək.

Düşərgə iştirakçıları həmçinin meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, ustad dərslərinə cəlb ediləcəklər.

14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Son xəbərlər

Orphus sistemi