Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA Azərbaycanda son illər özünüməşğulluq proqramına cəlb olunan, bununla bağlı dövlət tərəfindən aktivlərlə təmin edilmiş şəxslərin sayı artır. Bunu mətbuatda və sosial şəbəkələrdə yayımlanan uğur hekayələri, sıfırdan biznes quran sadə vətəndaşlar haqqında m
Sosial müdafiə
21 May , 2024 15:11
Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

Azərbaycanda son illər özünüməşğulluq proqramına cəlb olunan, bununla bağlı dövlət tərəfindən aktivlərlə təmin edilən şəxslərin sayı artmaqdadır.

Lakin bu müsbət dinamika ilə bərabər, qeyd olunan məsələdə sui-istifadə hallarına yol verilməsi müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə və bəzi elan saytlarında özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən müəyyən əşyaların satışa çıxarıldığına dair məlumatlara rast gəlinir. Bu zaman belə bir sual yaranır: Məşğulluq üçün müvafiq dövlət qurumuna müraciət edərək aktivlərlə təmin olunan şəxslərin sonradan bunları təyinatı üzrə istifadə edib-etmədiyi yoxlanılırmı? Əgər özünüməşğulluqla əlaqədar vətəndaşın üzərinə konkret məsuliyyət qoyulubsa, vurğulanan neqativ hallara səbəb olan boşluq nədən ibarətdir?

“Report”un bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə ünvanlandığı sorğuya qurumdan verilən cavabda qeyd olunub ki, özünüməşğulluq proqramı çərçivəsində kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmaları üçün mal və materiallar formasında aktivlər verilir.

Proqram kənd təsərrüfatı, istehsal və ya xidmət sahələrini əhatə edir:

“Proqrama seçilənlər ilk mərhələdə biznes təlimlərə cəlb olunurlar. Vətəndaş aktivlərlə təmin olunduqdan sonra isə əvvəlcədən təsdiqlənmiş qrafik əsasında şəxsin fəaliyyətinin təqdim edilmiş biznes-plana uyğun olub-olmamasının öyrənilməsi üçün aralıq monitorinqi aparılır".

Bildirilib ki, iştirakçıya verilən aktivlərin sazlığı, şəxsin fəaliyyətinin hansı şəkildə təşkilinə diqqət yetirilir və onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər verilir.

"Əmlaklar vətəndaşa bir il müddətinə müqavilə əsasında verilir. Müqavilə müddətinin sonunda Agentlik tərəfindən yekun monitorinq həyata keçirilir və həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir”, - agentlikdə deyiblər.

Məşğulluq Agentliyi proqrama cəlb etdiyi şəxsə yönəlik tələbləri də diqqətə çatdırıb. Qeyd olunub ki, vətəndaşlar əmlakın biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə edilməsi, əmlaka ziyan vurulmasına yol verilməməsi, korlanmaması və ya məhv olmaması üçün müqavilədə göstərilən təlimata əməl etməli, əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməməlidirlər:

“Monitorinqlər zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan bir il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkarlansa, bunu Agentliyə qaytarmalı, ya da dəyərini bazar qiymətinə əsasən ödəməlidir. Ədalətlilik prinsipinin qorunub saxlanması, növbədə olan bütün şəxslərin proqramdan yararlanması üçün aktivlərlə təmin edilmiş şəxslərin təkrar özünüməşğulluğa cəlb edilməsi mümkün olmur”.

“Report”a açıqlamasında vətəndaşları dövlətin dəstəyindən sui-istifadədən çəkindirməyin vacibliyi haqda danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədri Musa Quliyev isə özünüməşğulluq proqramının işsizliyin azaldılması, həmçinin sahibkarlıq şüurunun formalaşması baxımından uğurlu layihə olduğunu vurğulayıb. Komitə sədri xatırladıb ki, bu layihə artıq beş ildən çoxdur, ölkədə tətbiq olunur və müsbət nəticələr verir:

“100 minə yaxın vətəndaş, başqa sözlə, 100 minə yaxın ailə bu proqramdan yararlanıb. Amma dünyada belə layihələr nə qədər uğurlu olsa da, effektivliyi, adətən, 50-60 faizdən yuxarı olmur, müəyyən hissəsi nəticəsiz qalır. Ona görə, Azərbaycanda da 100 faiz nəticə əldə etmək mümkün deyil. Özünüməşğulluq proqramına cəlb olunan şəxsin proqramı sona qədər davam etdirməsi də real məsələ deyil. Çünki həmin şəxslərin əvvəldən belə imkan, qabiliyyət və bacarıqları olsaydı, dövlətə müraciət etməzdilər. Reallıq budur ki, dövlət o insanlara müəyyən dəstək verir, sonrakı proseslər özlərinin, ailələrinin məsuliyyətli yanaşmasından, fərasətindən asılıdır”.

M.Quliyev vətəndaşlara belə bir sual da ünvanlayıb: Niyə dövlətin vəsaiti məqsədsiz şəkildə dağıdılmalıdır?

“Ona görə də, özünüməşğulluq üçün seçilən şəxslərlə bağlı seçimin daha da ciddiləşdirilməsinə ehtiyac var. Monitorinqlərin sayını artırmaq, ləvazimatları, mal-qaranı, bu kimi imkanları bir il ərzində deyil, iki il ərzində müqaviləli qaydada təqdim etmək zəruridir. İki il müddətinə verilən mal-materialın təyinatı üzrə istifadə edilməsi, korlanmaması, satılmaması yoxlanılmalıdır”, - deputat deyib.

Komitə sədri xatırladıb ki, müqavilə dövrü bitdikdən, vətəndaş ona verilənləri özününküləşdirdikdən sonra həmin əşyalardan istədiyi kimi istifadə edə, hətta sata da bilər:

“Özünüməşğulluq proqramından yararlanan şəxslərin ikinci dəfə proqrama cəlb olunmaması çox doğru qərardır. Çünki uğur qazanmayan şəxsə yenidən vəsait xərcləməyin heç bir zərurəti yoxdur”.

Son xəbərlər

Orphus sistemi