Şabran rayonunun mərkəzi bazarı baxımsız vəziyyətdədir.
Bununla bağlı “Report”un Şimal bürosuna müraciət edən rayon sakinləri problemlə uzun illərdir üz-üzə qaldıqlarını söyləyiblər.
"Kalxoz bazarı" adı ilə tanınan ticarət mərkəzinin bu vəziyyətə düşməsi isə alıcı və satıcıların da narazılığına səbəb olub.
Onların sözlərinə görə, ərazi həmçinin sahibsiz itlərin məskəninə çevrilib. Sakinlər bildirir ki, bazar zibil qutuları ilə təmin olunmadığından tullantılar əraziyə atılır və buna görə də burada antisanitar vəziyyət yaranıb.
Bu vəziyyətin uzun illərdir davam etdiyini qeyd edən sakinlər deyir ki, küləkli hava zamanı bazarın ərazisini üfunət bürüyür: "Buna görə də bazarda pis qoxudan dayanmaq mümkün olmur. Məhz antisanitar vəziyyətə görə, bazarda alıcılıq qabiliyyəti də uzun illərdir xeyli aşağı düşüb. Amma əvvəllər bu bazara hətta qonşu rayonlardan da müştərilər üz tutardı".
Sakinlər söyləyib ki, ərazinin qalaqlanmış zibilliklərdən təmizlənməsi üçün bazar rəhbərliyinə dəfələrlə müraciət ediblər və onlara ərazinin təmizlənəcəyi ilə bağlı vədlər verilsə də, indiyədək əməli olaraq heç bir tədbir görülməyib.
Ticarət Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, bazarın ərazisinin bir hissəsi Şabran şəhər bələdiyyəsinin mülkiyyətindədir. Buna görə də həmin hissəyə bələdiyyə cavabdehlik daşıyır. Məlumatda həmçinin vurğulanıb ki, məişət tullantılarının bazar ərazisindən daşınması üçün Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsi ilə müqavilə bağlanılsa da, tullantıların vaxtında daşınması təmin olunmur.
Şabran şəhər Bələdiyyəsindən isə “Report”un yerli bürosuna qeyd edilib ki, bazar ərazisində bələdiyyə mülkiyyəti yoxdur. Vurğulanıb ki, həmin ərazi fərdi sahibkarlara məxsusdur və ərazinin zibilliyə çevrilməsinə isə sakinlərin özləri səbəb olur.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, bazar rəhbərliyi ilə aralarında heç bir müqavilə bağlanmayıb.
Qeyd edilib ki, tullantıların ərazidən təmizlənməsi üçün isə heç bir ödəniş həyata keçirilmir: "Əraziyə bir daha baxış keçiriləcək. Bazar rəhbərliyi müqavilə bağlayaraq Yaşıllıq və Təmizlik İdarəsinin hesabına ödəniş edərsə, əraziyə zibil qutuları qoyulacaq və təmizlənəcək".