Ramazan ayı münasibətilə şəhid ailələri üçün tədbir təşkil olunub

Sosial müdafiə
  • 06 mart, 2026
  • 12:53
Ramazan ayı münasibətilə şəhid ailələri üçün tədbir təşkil olunub

Bir qrup şəhid ailələri üçün "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş 100-dən çox şəhidin ailə üzvləri qatılıb.

İftar məclisi şəhidlərin xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb.

Tədbirdə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova vətən uğrunda canlarını fəda etmiş şəhidlərlə qürur duyduqlarını, dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd ediblər.

Tədbirdə, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Nigar Məmmədova və Elnarə Akimova çıxış edərək şəhid analarını və xanımlarını 8 Mart münasibətilə təbrik edib, onların fədakarlığını və möhkəm iradəsini yüksək qiymətləndirərək dərin ehtiramlarını bildiriblər.

Tədbirdə şəhidlərinin ailə üzvləri – analar və xanımlar da çıxış edərək əziz şəhidlərin xatirəsinin daim uca tutulmasının önəmini vurğulayıblar.

Tədbir Azərbaycanın Xalq artisti Nəzakət Teymurova və gənc xanəndə, IX "Muğam" televiziya müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin vətənpərvər ruhlu bədii ifaları ilə davam edib.