Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvandakı aztəminatlı ailələrə sovqat göndərib.
"Report"un yerli bürosunun xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri, ünvanlı dövlət sosial yardımı alan ailələr üçün gətirilmiş sovqatlar müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.
Ümumilikdə, müvafiq kateqoriyalardan olan 2700 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, budəfəki yardım kampaniyası Ulu Öndərin 100 illik yubileyinə həsr olunur. 2022-ci ildən bu yana Naxçıvanda müvafiq kateqoriyadan olan 7000-dən artıq şəxsə yardım göstərilib. Qeyd edib ki, bundan sonra da bütün bayramlarda Naxçıvandakı müvafiq kateqoriyadan olan ailələrə yardımların göstərilməsi davam etdiriləcək.
Sonra sovqat daşıyan avtomobillər təyinatı üzrə ünvanlara yola salınıb.