Bakı. 10 fevral. REPORT.AZ/ "Son vaxtlar Azərbaycanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində küçə adları və nömrələrinin yenilənməsi şəxsiyyət vəsiqələrinin dəyişilməsi üçün əsas yaratmır". Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov "Report"a açıqlamasında deyib ki, küçə adlarının yenilənməsi şəxsiyyət vəsiqələri və kupçaların dəyişməsinə əsas yaratmır: "Çünki indiki sistem həm köhnə, həm də təzə ünvanların işləməsinə icazə verir. Hazırda həm köhnə, həm də təzə ünvanlar qüvvədədir. Onsuz da nəzərdə tutulan qaydalara görə şəxsiyyət vəsiqələrinin yenilənməsinin vaxtı çatanda yeni ünvanlar orada qeyd olunacaq. Kupçaların dəyişilməsinə gəlincə, hazırda buna ehtiyac yoxdur".
Xatırladaq ki, keçən ilin iyun ayından etibarən Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Azərbaycanın şəhər və rayonlarında küçə adlarının yenilənməsi prosesi başlayıb və hazırda iş davam edir.