Bakı. 11 may. REPORT.AZ/ "Biz fəaliyyətə başlayanda gender məsələləri ilə məşğul olan 4 təşkilat vardı. Amma hazırda onların sayı 200-dən çoxdur".
"Report" xəbər verir ki, bunu Bakıda "Gender Bərabərliyi və Qadın Hüquqlarının Təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, ötən il iki rayonda müşahidələr aparılıb: "Ötən il pilot layihə çərçivəsində iki rayonda qadınların sahibkarlığa marağının olub-olmaması ilə bağlı müşahidələr apardıq. Beynəlxalq təşkilatlarla birgə bir çox müəssisələrin açılmasına dəstək verdik və göründüyü kimi nəticələr uğurlu oldu. Hesab edirəm ki, belə işlərə beynəlxalq təşkilatlar həmişə dəstək verə bilməz. Ona görə də çalışmalıyıq ki, daxili resursları bu işə cəlb edək".
H.Hüseynova bildirib ki, son illər qadınların Dövlət Komitəsinə müraciətlərinin mövzusu və xarakteri də dəyişib: "Əvvəllər qadınlar ancaq sosial problemlərə görə müraciət edirdilər, indi isə onlar daha çox hansısa QHT-ni necə yaratmaq, yaxud bu kimi ictimai əhəmiyyətli məsələlərlə bağlı müraciət edirlər".