I Qarabağ müharibəsi qazisi: "Birdəfəlik ödənişi qızlarımın ehtiyaclarına xərcləyəcəm"

I Qarabağ müharibəsi qazisi: "Birdəfəlik ödənişi qızlarımın ehtiyaclarına xərcləyəcəm" "1991-ci il noyabr ayında Milli Orduya yazılmışam. 701-18-110 saylı hərbi hissələrdə qulluq etmişəm. O zaman Milli Məclisin qərarı ilə birinci dəfə hərbi yaradıldı və I batalyon adlandırılıb".
Sosial müdafiə
4 Avqust , 2022 14:29
I Qarabağ müharibəsi qazisi: Birdəfəlik ödənişi qızlarımın ehtiyaclarına xərcləyəcəm

“İkinci dərəcə əlilliyə görə 6 600 manat birdəfəlik ödənişi almışam. Bununla bağlı mənə SMS göndərilib. Vəsait artıq kart hesabımdadır. Həmin pulu qızlarımın müəyyən ehtiyacları üçün istifadə edəcəm”.

Bunu “Report”a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ikinci dərcəli əlil Niyazi Quliyev deyib.

O bildirib ki, 1991-ci il noyabrında ordu sıralarına yazılıb və “N” saylı hərbi hissədə xidmət edib: “Elə həmin vaxtlardan da torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm”.

I Qarabağ qazisi Malıbəyli, Kərkicahan, Daşaltı və Şuşada gedən döyüşlərdə iştirak etdiyini vurğulayıb: "İlk dəfə Kərkicahanda qumbaratanın zərbəsindən qəlpə yaraları və travma almışam. İkinci dəfə isə Daşaltı əməliyyatında xəsarət aldım. Həmin vaxt 3 gün erməni mühasirəsində olmuşduq. Yaralanandan sonra Şuşaya aparılsam da stansionar müalicə alaraq yenidən döyüşlərə qatıldım. Ağdam istiqamətində gedən döyüşlərdə də iştirak etdim. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanında da könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət etdim. Ancaq nə qədər cəhd etsəm də məni döyüşə aparmadılar".

O, döyüşlərə qatılanda heç vaxt hansısa status, dərəcə və veteranlıq veriləcəyini düşünmədiyini söyləyib: “Hamısı zaman-zaman olub. Dövlət rəhbərliyi bütün çıxışlarında müharibə iştirakçılarının yanında olduğunu deyir. Mənə elə gəlir ki, bu gün hamı həmin qayğını hiss edir. Düzdür, bəzi məmurların etinasız yanaşması var. Ancaq bu başqa məsələdir. Əsas dövlət siyasəti və rəhbərliyin qayğısıdır. Şəhid ailələrinin, qazilərin evlə təminatı, veteranların məşğulluğunun artırılması üçün işlər görülür. Bu gözəl ənənədir. Bütün bunlar görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 2-də “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Son xəbərlər

Orphus sistemi