Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar “Qələbə soraqlı bayrağım” adlı layihəyə başlanıb.
"Report" xəbər verir ki, agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçərək dərzilik sənətinə yiyələnən gənclərin iştirakı ilə layihə üzrə 44 Azərbaycan bayrağı tikilir.
Bayraqlar hazırlandıqdan sonra şəhidlərimizin övladları üçün mərkəzə ekskursiya təşkil ediləcək və bayraqlar əlilliyi müəyyən edilmiş şəxslər tərəfindən onlara təqdim olunacaq.
Layihənin məqsədi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinə, onların bizlərə yadigar qalan övladlarına daim diqqətdə olduqlarını hiss etdirməkdir. Həmçinin əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və şəhid övladlarının asudə vaxtının səmərəli təşkilidir.