Bakı. 14 dekabr. REPORT.AZ/
"Report"un xəbərinə görə, xidmətin rəisi Vüsal Hüseynov bildirib ki, əcnəbinin olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, online ödəmə, online növbə, ASAN viza və xidmətin digər istiqamətlər üzrə servis xidmətlərinin mobil tətbiq üzərində çıxış imkanları yaradılıb:"Bundan sonra mobil tətbiq vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlayn və daha asan şəkildə elektron xidmətlərdən istifadə edəcəklər".
Onun sözlərinə görə, Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərində birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması həyata keçirilə bilər: "Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək".
Xidmət rəisi qeyd edib ki, mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkədə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqi, milli mətbəx barədə geniş məlumat bazası təqdim olunur: "Mobil tətbiqi hazırda Playmarketdən yükləmək mümkündür, qısa zaman sonra isə Appstore-dan yükləmək mümkün olacaq.
Gələcəkdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və daha artıq xidmətləri əhatə etməsi nəzərdə tutulur".