Bu ilin ötən dövründə 100 uşaq övladlığa verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 51 nəfəri oğlan, 49 nəfəri isə qızdır.
Övladlığa verilən uşaqlardan 66 nəfəri yaxın qohumu tərəfindən övladlığa götürülüb.
Reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 126 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 67 nəfəri oğlan, 59 nəfəri isə qızdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.