Zəngilandakı yeraltı mədənindən hasilata başlanılacaq vaxt açıqlanıb
- 13 yanvar, 2022
- 09:51
2022-ci ilin ikinci yarısında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkəti işğaldan azad olunan Zəngilan rayonunda yerləşən “Vejnəli” yeraltı mədənindən hasilata başlaya bilər.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2021-ci ilin yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.
Bildirilir ki, artıq kommersiya məqsədəuyğunluğunu müəyyən etmək üçün texniki tədqiqat aparılır.
Xatırladaq ki, ötən ilin sonunda AAM şirkətinə Zəngilan rayonuna giriş icazəsi verilib. Şirkətin baş icraçı direktoru və prezidenti Reza Vəziri də daxil olmaqla şirkətin yüksək menecment üzvləri dekabrın əvvəlində "Vejnəli" müqavilə sahəsini, o cümlədən ərazidəki mövcud mədənləri qiymətləndirmək üçün Zəngilana səfər ediblər.
Azərbaycan hökuməti Ermənistanla münaqişənin başa çatmasından sonra Zəngilan rayonunun sürətli iqtisadi və infrastrukturunun inkişafı ilə məşğuldur. 2022-ci ildə başa çatdırılması nəzərdə tutulan beynəlxalq hava limanının tikintisi davam etdirilir və bu yaxınlarda rayonda elektrik yarımstansiyası istifadəyə verilib.
Qeyd edək ki, "Vejnəli" müqavilə sahəsi Cənubi Qərbi Azərbaycanın Zəngilan rayonunda yerləşən təxminən 300 kvadrat kilometr ərazini əhatə edir. Burada erməni işğalı zamanı əvvəllər mədən işlərinə məruz qalmış "Vejnəli" yatağı var.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.