​SOCAR Karbamid Zavodu Layihəsi ilə bağlı Finlandiyada müqavilə imzalayıb

​SOCAR Karbamid Zavodu Layihəsi ilə bağlı Finlandiyada müqavilə imzalayıb Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək
Sənaye
18 May , 2015 15:11
​SOCAR Karbamid Zavodu Layihəsi ilə bağlı Finlandiyada müqavilə imzalayıb

Bakı. 18 may. REPORT.AZ/ Helsinkidə (Finlandiya) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bu ölkənin “Neste Jacobs Oy” şirkəti arasında Karbamid Zavodu Layihəsi üzrə layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinə dair müqavilə imzalanıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İmzalanma mərasimində gübrə sektorunda layihənin idarə edilməsi üzrə məsləhətçi kimi böyük təcrübəyə malik olan, yüksək keyfiyyətli texnologiyanın inkişafı, sənaye investisiya layihələri, texniki xidmət və performans təkmilləşdirmələri üzrə ixtisaslaşmış “Neste Jacobs Oy” layihənin idarə edilməsi üzrə məsləhətçi qismində çıxış edəcəyi, layihənin idarə edilməsi üzrə yüksək rəqabət qabiliyyətli xidmətlər göstərəcəyi, eyni zamanda, zavodun tikintisi ilə bağlı müstəqil təftişləri əlaqələndirəcəyi deyilib.

Qeyd olunub ki, beynəlxalq təcrübəyə uyğun olaraq layihənin idarə edilməsi üzrə təcrübəli məsləhətçinin işə cəlb olunması layihələndirmə, xüsusilə, əsaslı layihələndirmə, alınmış material və avadanlıqların quraşdırılması, eləcə də istismar sınaqları mərhələlərində SOCAR-ın idarəetmə və nəzarət prosesinə dəstək olacaq. Bu məqsədlə 2014-cü ilin ortalarında beynəlxalq açıq tender elan edilib və “Neste Jacobs Oy” şirkəti tenderin qalibi olub. “Neste Jacobs Oy” və onun təşkil eədəcəyi komanda SOCAR-ın adından MST müqaviləsi üzrə podratçıya nəzarət edəcək.

Azot gübrəsi - karbamid istehsalı zavodunun layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına (2008-2015-ci illər) uyğun olaraq, 13 mart 2013-cü il tarixində ARDNŞ və Cənubi Koreyanın "Samsung Engineering Co." şirkəti arasında imzalanmış mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi Terminalı (Gürcüstan) vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulub. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 000 ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi