Pandemiyadan sonrakı dövrdə Azərbaycanın mebel sənayesi genişlənə bilər

Pandemiyadan sonrakı dövrdə Azərbaycanın mebel sənayesi genişlənə bilər Gələcəkdə mebel sahəsində də gömrük rüsumlarının azaldılması istiqamətində müəyyən addımların atılması üçün İqtisadiyat Nazirliyinə müraciət etmişik və bu barədə danışıqlar aparırq
Sənaye
31 May , 2021 16:12
Pandemiyadan sonrakı dövrdə Azərbaycanın mebel sənayesi genişlənə bilər

Azərbaycanda mebel sənayesi son on illikdə xüsusi inkişaf tarixinə qədəm qoysa da, dünyada və ölkəmizdə pandemiyanın yayılması bu istiqamətdə bir sıra maneələr ortaya çıxardı. Toy-nişan mərasimlərinin keçirilməsinin dayandırılması, ölkələrarası gediş-gəlişə tətbiq edilən məhdudiyyətlər və digər karantin tədbirləri həm ölkə daxilində mebel istehsalında, həm xammal idxalında, həm də hazır məhsul ixracında çətinliklər yaratdı.

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının rəhbəri Məşhur Məmmədov “Report”a verdiyi açıqlamasında mebel sənayesi ilə bağlı bu və digər məsələləri daha geniş aspektdən şərh edib:

"Mebel sahəsi əmək tutumlu sahədir. Bu sahədə çoxlu insan çalışır. Azərbaycanda işsizliyin azaldılmasında mebel sahəsinin çox böyük köməyi ola bilər. Odur ki, həm yerli tələbatın tamamilə ödənilməsi, həm də xarici bazarlara Azərbaycan mebelinin çıxması ilə bu sahədə çox böyük işlər görmək olar. Amma pandemiya ilə bağlı dünyada iqtisadi sahədə bir çox hadisələr baş verir. Bu hadisələr özünü əsasən xammal-materialların qiymətində. Aprelin 1-nə qədər son bir ildə mebelin xammalının, xüsusən də mebelin əsas vəsaiti olan yonqarlı materialların, DSP və MDF-in dünya bazarında qiyməti 49 % artıb. Azərbaycan bazarında artıq taxtanın qiyməti 400 manatdan yuxarıdır. İndiki şəraitdə həm xammal, həm kimyəvi məhsulların qiymətlərində artım var. Bunlar həm Azərbaycanda istehsal üçün müəyyən problem yaradır, həm də satış qiymətlərinin dəyişməsini labüd edir. İlin əvvəli ilə müqayisədə bu gün mebel məhsullarının qiymətində 5-7 % artım var. Dünya bazarında baş verənlər bu artımı labüd edir.

M.Məmmədov xarici bazarlarda baş verən proseslərin də Azərbaycanın yerli istehsalına və mebel məhsullarının satış qiymətlərinə təsirlərini qeyd edib:

“Dünya bazarında baş verən proseslər də Azərbaycanda mebelin satış qiymətinin artmasını labüd edir. Rusiya, Türkiyə kimi ölkələr öz daxili bazarlarını qorumaq məqsədilə xammal ixracına vergi tətbiq edir və ya ümumiyyətlə xammalın ixracını qadağan edirlər. Bu da mebel sənayesində bəzi problemlərə səbəb olur. Məsələn, Rusiya iyul ayının birindən bir qanun qəbul edəcək. Qanuna görə ölkədən yonqarlıq materiallarının çıxarılmasına qadağa qoyacaq. Hazırda həmin qanun imzalanmaq ərəfəsindədir. Belə bir qanun Türkiyədə də qəbul olunmaq ərəfəsindədir. Biz danışıqlar aparırıq ki, Rusiya və Türkiyə ixrac etməyi dayandırdığı ölkələrin siyahısından Azərbaycanı çıxarsın. Bunun üçün bütün vasitələrdən istifadə edirik. Rusiya bildirir ki, biz təkcə Azərbaycanı həmin siyahıdan çıxarsaq, gərək bütün MDB ölkələrini də çıxaraq, odur ki, bu addımı ata bilmərik.

Bu gün bazarda xammal çatışmazlığı var. Digər tərəfdən qeyd etdiyim ölkələrdəki qanunlar qəbul edilsə, Azərbaycan bazarında yerli istehsalın payı azala və idxal arta bilər. Yaxın vaxtlarda belə bir problemin yaşanacağı gözlənilir”.

Bütün bunlara baxmayaraq Assosiasiya sədri postpandemiya dövrü barədə ümidverici danışıb:

“Lakin Azərbaycanda pandemiyadan sonrakı dövrdə mebel sənayesinin böyüyüb artacağı gözlənilir. Çünki Qarabağda atılan iqtisadi addımlar və görülən digər işlər, eyni zamanda insanların doğma yurdlarına qayıtması istər-istəməz bu sahənin canlanmasına kömək edəcək. Azərbaycanda mebel satışının mühüm bir hissəsi toylarla bağlıdır. Ona görə də mebelçilərin çoxu toyların keçirilməsinə icazə verilməsini gözləyir. Toyların keçirilməsinə icazənin verilməsi də mebel sənayesinə müsbət təsirini göstərəcək”.

M.Məmmədov mebel ixracının təşviq edilməsi üçün görülən işləri də sadalayıb:

“Azərbaycanda artıq bir neçə şirkət xarici bazarlara ixrac həyata keçirir. Gələcəkdə ixracın təşviq edilməsi istiqamətində işlər aparırıq. Assosiasiya olaraq mebel sahəsinin də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) siyahısına salınması üçün məsələ qaldırmışıq. Eyni zamanda gələcəkdə mebel sahəsində də gömrük rüsumlarının azaldılması istiqamətində müəyyən addımların atılması üçün İqtisadiyat Nazirliyinə müraciət etmişik və bu barədə danışıqlar aparırıq.

ABŞ-a ixracımız davam edir. Keçən il ABŞ-a bir şirkət ixrac edirdisə, bu gün artıq o şirkətlərin sayı üçdür. Bu gün Azərbaycan 10-a qədər ölkəyə mebel ixrac edir. Misal olaraq Rusiya, ABŞ, Qazaxıstan, Gürcüstan, ərəb ölkələri, ən əsas da Asiya ölkələrini göstərə bilərik”.

Son xəbərlər

Orphus sistemi