Ötən il Azərbaycanda gümüş istehsalı 13 %-dək artıb
- 18 yanvar, 2022
- 11:20
2021-ci il ərzində Azərbaycanda 3 min 347,4 kq qızıl, 4 min 859,6 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2020-ci ilin göstəricisindən 6,3 % az, gümüş istehsalı 12,7 % çox olub.
Bu ilin yanvarın 1-nə 59,1 kq qızıl, 62,9 kq gümüş ehtiyatı yaranıb.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də PSA (Production Sharing Agreement) tipli müqavilə imzalayıb. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.