Ötən il "Anglo-Asian Mining” Azərbaycanda qızıl və mis istehsalını azaldıb
- 16 yanvar, 2023
- 13:24
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin dördüncü rübü ərzində 14 532 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.
Bu, 2021-ci ilin dördüncü rübünə nisbətən 8,9 % azdır. 2021-ci ilin dördüncü rübündə bu həcmlər 15 545 unsiya qızıl ekvivalenti olub.
Ötən ilin dördüncü rübündə şirkət tərəfindən 11 121 unsiya qızıl hasil edilib. Bu, 2021-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə 4,04 % azdır.
Bu dövr ərzində Britaniya şirkəti 624 ton mis istehsal edib. Bu, 2021-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə 16,02 % azdır.
Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 37 378 unsiya təşkil edib. Bu isə 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 3,35 % azdır.
Ümumilikdə, 2022-ci il ərzində "Anglo-Asian Mining Plc." şirkəti 57 618 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib. Bu isə proqnozun (54 min - 58 min unsiya) üstə səviyyəsindədir. Ötən ilin istehsal həcmləri 2021-ci illə müqayisədə 10,82 % azdır. 2021-ci ildə bu həcmlər 64 610 unsiya qızıl ekvivalenti olub.
2022-ci ildə şirkət tərəfindən 43 114 unsiya qızıl hasil edilib. Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 11,43 % azdır. 2021-ci ildə bu həcmlər 48 680 unsiya olub
Ötən dövr ərzində Britaniya şirkəti 2 516 ton mis istehsal edib. Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 5,02 % azdır. 2021-ci ildə bu həcmlər 2 649 ton olub.
2022-ci il ərzində "Anglo-Asian Mining Plc."nin gümüş istehsalı isə 182 046 unsiya təşkil edib. Bu isə 2021-ci illə müqayisədə 17,82 % çoxdur. 2021-ci ildə bu həcmlər 154 515 unsiya olub
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.