Yaponiyanın avtomobil nəhəngi “Nissan” şirkəti yarımkeçirici çiplərin çatışmazlığına görə bu ay Meksikadakı iki zavodunda istehsalı dayandıracaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Aquaskaliyente ştatında yerləşən 2 saylı zavod 11 gün, Morelos ştatındakı CIVAC zavodu isə 8 gün işləməyəcək.
“The Boston Consulting Group”un proqnozuna əsasən, 2021-ci ildə çip çatışmazlığı dünyada avtomobil istehsalını 7-9 milyon ədəd azaldacaq. Belə ki, 1-ci rübdə qlobal avtomobil şirkətlərinin istehsal itkiləri 1,4 milyon avtomobil, 2-ci rübdə 2,6 milyon avtomobil olub. Bazarın hansı ssenari üzrə inkişaf edəcəyindən asılı olaraq 3-cü və 4-cü rüblərdə istehsal itkilərinin 3-5 milyon avtomobil olacağı gözlənilir.