Türkiyə şirkəti "Çovdar" yatağında filiz həcmlərinin emalı zavodu tikir

Türkiyə şirkəti "Çovdar" yatağında filiz həcmlərinin emalı zavodu tikir “Çovdar” İnteqrəolunmuş Regional Filiz Emalı Sahəsinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə il ərzində “Çovdar” yatağının sulfid mərhələsi və yan sahələrin - yaxın və uzaq cinahların tədqiqatı işləri aparılıb.
Sənaye
7 Fevral , 2022 14:21
Türkiyə şirkəti Çovdar yatağında filiz həcmlərinin emalı zavodu tikir

“Çovdar” İnteqrəolunmuş Regional Filiz Emalı Sahəsinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə il ərzində “Çovdar” yatağının sulfid mərhələsi və yan sahələrin - yaxın və uzaq cinahların tədqiqatı işləri aparılıb.

“Report”un məlumatına görə, bunu “AzerGold” səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yataq üzrə 212 min unsiya satılabiləcək qızıl ehtiyatına əlavə olaraq “Çovdar” İnteqərəolunmuş Regional Emal Sahəsinin 8 illik istismar müddəti ərzində 470 min unsiya satılabiləcək qızıl miqdarı təsdiqlənib: “Beləliklə, Çovdar və cinah yataqlar üzrə satılabiləcək qızılın miqdarı ümumilikdə 682 min unsiyaya qədər artırılıb. Qeyd edilən filiz həcmlərinin emalının təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə maksimum səmərəliliyi təmin edən emal metodologiyasının seçilməsi istiqamətində araşdırmalar aparılıb və ən optimal olan çən aşındırma (CİL) metodu emal üsulu olaraq təyin edilib”.

Z. İbrahimov qeyd edib ki, bu metoda uyğun istehsalatın təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən ilkin lahiyələndirmə işləri aparılıb: “Layihəni icra edəcək podratçının seçimi, tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti cəlb edilib. Zavodun tikintisi və müvafiq infrastrukturun qurulması üzrə satınalma prosedurlarına uyğun “Maqro Construction” türk şirkəti ilə müqavilə imzalanıb”.

Şirkətin İdarə Heyətinin sədri qeyd edib ki, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh” ,“Ağyoxuş 2”, “Tülallar” və onun cinah sahələri, eləcə də ötən il Cəmiyyətin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır. Yeri gəlmişkən, hazırda “Nərimanlı” yatağından götürülmüş süxur nümunələri beynəlxalq laboratoriyada analiz edilir. Analiz nəticələri əsasında resursların beynəlxalq standartlara uyğun olaraq hesablanması və mədən dizaynının hazırlanması işlərinin cari ildə icra edilməsi, yataq üzrə resurs hesabatı, mədən dizaynı və istehsalat planının 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi