Britaniyanın Azərbaycandakı qızıl hasilatçısı istehsal həcmlərini kəskin azaldıb
- 18 aprel, 2024
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin yanvar-mart aylarında 2 548 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin bu ilin birinci rübünün yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.
Bu, 2023-ci ilin eyni dövrünə nisbətən 4,3 dəfə azdır.
Birinci rübdə şirkət tərəfindən 2 252 unsiya qızıl hasil edilib. İl ərzində bu göstərici 3 dəfə azalıb.
Bu dövr ərzində Britaniya şirkəti 54 ton mis istehsal edib. Bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 15,7 dəfə azdır.
"Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 6 410 unsiya təşkil edib. İl ərzində bu göstərici 3,5 dəfə azalıb.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.