İndiyə qədər "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkına 52 milyon manat investisiya qoyulub.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
"Əgər 2017-ci ildə - Park fəaliyyətə başlayanda onun 5 rezidenti var idisə, hazırda bu rəqəm 25-dir", - deyə o qeyd edib.
Bundan başqa, E.Abbasov deyib ki, Azərbaycanda tullantıların emalı hesabına istehsal olunan məhsullara maraq getdikcə artır: "Balaxanı Sənaye Parkında ərsəyə gətirilən məhsulların 10 %-i xarici ölkələrə ixrac edilib. Əsas ixrac məhsullarımızdan biri kağızdır. Çalışırıq ki, ixrac göstəricilərimizi getdikcə artıraq".
Onun sözlərinə görə, hazırda "Təmiz Şəhər" işğaldan azad edilmiş ərazilərdə də fəaliyyət göstərir, məskunlaşma planına uyğun olaraq işlər həyata keçirir: "Həmin ərazilər sıfır tullantı zonasıdır".
Xatırladaq ki, Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən yaradılıb. Onun təməlini dövlət başçısı 19 dekabr 2012-ci il tarixində qoyub.