Bakıda sənaye istehsalı 2 dəfə artıb

Sənaye
  • 02 iyul, 2022
  • 06:42
Bakıda sənaye istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 30,4 milyard manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 milyard manat və ya 2 dəfə çoxdur.

Sənaye məhsulunun 85,8 %-i mədənçıxarma, 12,1 %-i emal, 1,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 91,2 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2022-ci il vəziyyətinə 349,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 69,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.