Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 35,4 milyard manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyard manat və ya 7,3 % azdır.
8 ay ərzində sənaye məhsulunun 75,9 %-i mədənçıxarma, 20,9 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,5 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin sentyabrın 1-nə 470,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 31,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edib, 1 il əvvələ nisbətən neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri neft-qaz sektorunda isə 7,8 % artıb.