“AzerGold” QSC tərəfindən yeni növ qızıl məhsulları satışa çıxarılıb.
Bu barədə "Report"a QSC-dən bildirilib.
Belə ki, çəkisi 5,10, 20, 500, 1000 qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram çəkilərdə qızıl külçələr əlavə edilib.
Satışa çıxarılan məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilib. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunub. 2021-ci ildə Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuş “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə “Şuşa” və “Qarabağ” qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.