İndiyə qədər Azərbaycanın sənaye zonalarına 58 rezident 6,4 milyard manatdan çox sərmayə yatırıb və 10 100-dən çox daimi iş yeri yaradıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə mövcud layihələr üzrə 450 milyon manatdan çox investisiya yatırılması və 4 500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Nazir deyib ki, sənaye zonalarında indiyədək 7,17 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,3 milyard manat hissəsi ixrac olunub. 2022-ci ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının həcmi 52,95 % artaraq 1,3 milyard manata çatıb. Bu dövrdə ixrac isə 2021-ci ilin I yarısı ilə müqayisədə 101,6% artaraq 543,9 milyon manat təşkil edib.