Azərbaycanda yük avtomobillərinin istehsalı 42 %-dən çox artıb
- 15 avqust, 2024
- 11:47
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 290 ədəd yük avtomobili istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,2 % çoxdur. Nəticədə, bu il avqustun 1-nə ölkədə 62 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 7 ayında Azərbaycanda 421,6 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin 7 ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 49,9 % artıb, maşın və avadanlıqların istehsalı 28,7 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 45,2 % azalıb.
Bu ilin yanvar-iyul aylarında ölkədə 2 524 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 658 ədəd və yaxud 35,3 % az minik avtomobili istehsal olunub. Bu il avqustun 1-nə ölkədə 373 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən 7 ay ərzində Azərbaycanda 352 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 22,1 % azdır. Nəticədə, bu il avqustun 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.