Azərbaycanda sement istehsalı 4 %-dən çox artıb

Sənaye
  • 17 oktyabr, 2022
  • 10:02
Azərbaycanda sement istehsalı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentybar ayları ərzində Azərbaycanda 2 milyon 653,9 min ton sement istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 4,3 % çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti materialları sahәsindә istehsalın ümumi dәyәri 808,9 milyon manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Bu ilin 9 ayında ölkədə 121,8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 8,7 % çoxdur. Bu ilin 9 ayında tikinti kərpicinin istehsalı 5,3 % azalaraq 451,7 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 31,2 % artaraq 31,1 min ton olub, tikinti əhənginin istehsalı isə 17,4 % artaraq 31,1 min ton təşkil edib.

Yanvar-sentyabr aylarında sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 78,2 min ton olaraq, ötən ilin 9 ayı ilə müqayisədə 27,4 % artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 30,9 % azalaraq 36,5 min kubmetr təşkil edib.

Ötən 9 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 22 % azalaraq 24 milyon 066,2 min ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 24,3 % artaraq 2 milyon 450,8 min ton təşkil edib.