Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti növbəti dəfə Kanadanın “Libero Copper & Gold Corporation" şirkətində payını artırıb.
Bu barədə “Report” "Anglo-Asian Mining Plc." şirkətinə istinadən xəbər verir.
Bildirilib ki, şirkət “Libero Copper"in 3,2 milyon ədəd səhmini 355 min ABŞ dollarına (480 min Kanada dolları) əldə edib.
“Anglo-Asian Mining"in Kanada şirkətindəki payı bununla da 19,8 %-ə çatıb və şirkətin ümumi sahib olduğu adi səhmlərin sayı isə 21,3 milyon ədədə çatıb.
“Anglo Asian Mining” şirkətinin baş direktoru Reza Vəziri bu məsələni şərh edərkən bildirib ki, şirkət bu il artıq ikinci sərmayəsini edir.
O bildirib ki, bu, "Anglo-Asian Mining Plc."in “Libero Copper & Gold Corporation" şirkətinə ümumilikdə edilən dördüncü sərmayədir: “Libero” şirkəti Amerika qitəsində maraqlı mis aktivləri və təcrübəli idarə heyətinə malikdir. Önümüzdəki aylarda “Libero”nun tərəqqisi ilə bağlı səhmdarlarımızı məlumatlandırmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.