Azərbaycanda Britaniyanın qızıl hasilatçısı satdığı qiymətli metalların həcmlərini açıqlayıb

Sənaye
  • 13 yanvar, 2022
  • 09:18
Azərbaycanda Britaniyanın qızıl hasilatçısı satdığı qiymətli metalların həcmlərini açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci ilin dördüncü rübünün yekunları ilə bağlı satış həcmlərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2021-ci ilin yekunlarına dair hazırladığı hesabatında qeyd olunub. 2021-ci ilin dördüncü rübü ərzində şirkət tərəfindən satışı həyata keçirilən qızıl külçələrinin həcmi 13 153 unsiya təşkil edib. Bu, 2020-ci ilin eyni rübünün göstəriciləri ilə müqayisədə 4 419 unsiya və ya 27,22 % azdır.

2021-ci ilin dördüncü rübü ərzində bir unsiyanın satış qiyməti orta hesabla 1 825 ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin dördüncü rübünün orta qiymət göstəricisi ilə müqayisədə 59 ABŞ dolları və ya 3,13 % azdır.

2021-ci ilin dördüncü rübündə şirkət tərəfindən satışı həyata keçirilən mis konsetratının həcmi 4 132 quru metrik ton təşkil edib. Bu, 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə 79 quru metrik ton və ya 1,88 % çoxdur.

2021-ci ilin dördüncü rübündə müştəriyə şirkət tərəfindən mis konsentratının tədarükünün satış dəyəri 8,9 milyon ABŞ dolları (Azərbaycan Hökuməti istehsal payı xaricində) təşkil edib. Bu isə daha əvvəlki 2020-ci ilin göstəriciləri ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 41,27 % çoxdur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 filmi