“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC bu ilin yanvar-oktyabr aylarında 74,2 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 mln ABŞ dolları və yaxud 20,8 % azdır.
Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində “Azəralüminium” MMC-nin xarici ölkələrə 96,2 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, “Azəralüminium” MMC Azərbaycanın əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. “Azəralüminium” MMC-nin “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.
Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 52 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. “Azəralüminium” MMC tərəfindən istehsal olunan məhsullar Avropa Birliyi standartlarının bütün tələblərinə cavab verir.