“Anglo Asian Mining” “AzerGold”dan iki yataq ilə bağlı kəşfiyyat məlumatlarını əldə edib

Sənaye
  • 19 avqust, 2022
  • 10:14
“Anglo Asian Mining” “AzerGold”dan iki yataq ilə bağlı kəşfiyyat məlumatlarını əldə edib

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti “AzerGold” QSC-dən 4 milyon ABŞ dollarına iki yataq barasində məlumatları alıb.

Bu barədə “Report” şirkətə istinadən məlumat verir.

Bildirilir ki, , “Anglo Asian Mining plc” şirkəti “AzerGold”dan kəşfiyyat məlumatları, əlaqədar tədqiqatlar və hesabatları əldə edib. Bu məlumatlar Böyük Britaniya şirkətinin yeni konsessiyalarından ikisi olan “Qaradağ” və “Xarxar” müqavilə sahələrinə aiddir.

Belə ki, bu müqavilə sahələri bu yaxınlarda parlament tərəfindən ratifikasiya edildikdən sonra “Anglo Asian Mining” şirkətinə verilib və “AzerGold” əvvəlki konsessiya sahibi olub.

Şirkət bildirir ki, bu müqavilə sahələrinin alınması “Anglo Asian Mining” şirkəti üçün transformasiya xarakteri daşıyır və onun orta səviyyəli hasilat statusuna malik mis mərkəzli mədənçıxarma şirkətinə keçid kimi strateji məqsədini dəstəkləyir. Bu, həmçinin şirkətə 3-5 illik inkişaf planını tamamlamağa imkan verəcək.

Məlumatda qeyd edilir ki, əldə edilmiş məlumatlara xəritələr və şərhedici hesabatlar daxil olmaqla geokimyəvi və geofiziki məlumatlar daxildir. “AzerGold” tərəfindən müqavilə sahələri üçün əsaslı qazma işləri və məlumatların şərhi aparılıb və bunlara 23 454 metr “Qaradağ” qazma özülündən götürülmüş 9 645 kimyəvi analiz və 4 923 metr “Xarxar” qazma özülündən götürülmüş 805 analiz daxildir.

“Anglo Asian Mining” həmçinin “Qaradağ” üçün ilkin mineral ehtiyatların qiymətləndirilməsi əsasında mədən işlənməsi üçün müxtəlif variantları, o cümlədən açıq mədən layihələri, ilkin mədən işlərinin qrafikləri və kontur metallurgiya axını cədvəli əsasında ilkin mədən işlərinin əhatə dairəsi üzrə tədqiqat alacaq. “Qaradağ”da ekoloji və sosial-iqtisadi ilkin qiymətləndirmə də aparılıb və materiala daxil edilib.

“Anglo Asian Mining” şirkəti “Qaradağ” müqavilə sahəsi üçün məlumatlara görə 3,3 milyon ABŞ dolları, “Xarxar” üçün isə 0,7 milyon ABŞ dolları ödəməyə razılaşıb. Belə ki, bu məbləğin 25 %-i, yəni 1 milyon ABŞ dolları dərhal ödənilməlidir. Məbləğin 75 %-i, yaxud 3 milyon ABŞ dolları isə üç il müddətində ödəniiləcək. Məlumatların dəyəri müqavilə sahələrinin əməliyyat və əsaslı məsrəflərinə əlavə olunacaq və mənfəət hasilatının hesablanması zamanı çıxılacaq.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 - Tezliklə