“Anglo-Asian Mining” 2023-cü il üçün Azərbaycanda istehsal planlarını açıqlayıb
- 23 fevral, 2023
- 12:58
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2023-cü maliyyə ilində 50-54 min unsiya qızıl ekvivalentində istehsal gözləyir.
Bu barədə “Report” Britaniya şirkətinin yaydığı hesabata əsasən məlumat verib.
Bildirilib ki, bu il ərzində o cümlədən 4 100-4 300 ton mis və 30-32 min unsiya qızıl hasil ediləcəyi proqnozlaşdırılır.
2023-cü il “Anglo Asian Mining” şirkəti üçün mühüm il olacağı gözlənilir, çünki şirkət yeni “Gilar” və “Zəfər” mədənlərinin açılışı və artan flotasiya qurğusunun gücünün tətbiqi ilə əhəmiyyətli mis istehsalına keçidinə başlayır.
Belə ki, 2023-cü ildə şirkət mis istehsalının 63-71 % artacağını proqnozlaşdırılır. Hesabat dövründə qızıl hasilatı 26-30 % azalacaq.
Xatırladaq ki, 2022-ci il ərzində şirkətin ümumi hasilatı 57,618 min unsiya qızıl ekvivalenti olub. Bunun 2 516 tonu mis, 43,114 min ton qızıl təşkil edib.
Şirkətin məlumatına görə, bu, qlobal dekorbanizasiya gündəmindən istifadə edərək, şirkətin misə artan diqqəti ilə uyğun gəlir.
“Anglo Asian Mining” şirkətinin ortamüddətli dövr üçün istehsal həcmlərinin artımı ilə bağlı strategiyası bu rübün sonunda açıqlanacaq.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.