Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb.
Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə bu iş yerlərinin sayının 456 nəfərə çatdırılması nəzərədə tutulur.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ağdam Sənaye Parkında açılışında iştirak etdiyi yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək və ixrac coğrafiyasını genişləndirəcək:
“Ötən gün ölkə tarixində ən əlamətdar hadisələrdən birinin şahidi olduq. Dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında altı sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Sənaye Parkında yeni açılan müəssisələr elektrik paylayıcı avadanlıqların və elektrik yuvaları, dam və fasad örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.
Bu altı müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdırılıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağın dirçəldilməsinə kömək göstərəcək”.
E.Kazımov əlavə edib ki, haqqında danışılan sənaye müəssisələrində əsasən Ağdam və yaxın rayonlardan olan sakinlərə üstünlük veriləcək: “İşəgötürmə prosesində əsasən Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilib. Ağdam Sənaye Parkı son illərdə yaradılmasına baxmayaraq rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2 090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən ümumilikdə sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, bunun nəticəsidir ki, artıq Parkın 60 %-dən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb”.
Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.